Sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin müddəalarına uyğun olaraq əvəzləşdirilir.
Beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi, habelə beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi;
Nümunə: ƏDV ödəyicisi olan X Nəliyyat şirkəti bağlanmış müqavilə əsasında yükü Quba rayonundan Moskva şəhərinə daşımalıdır. Müqaviləyə əsasən yükün Qubadan Samur gömrük postuna kimi daşınması üçün xidmət haqqı 500 manat, gömrük məntəqəsindən Moskva şəhərinə daşınması üçün xidmət haqqı 6000 manat təşkil edir.
Bu halda, yüklərin müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasındakı daşınması beynəlxalq daşıma olduğuna görə həmin xidmətlər sıfır (0) dərəcə (6500*0%=0.00 manat) ilə vergiyə cəlb olunacaqdır.